Qazi dövlətdən hüquqi yardım istədi, CƏRİMƏLƏNDİ

Baxış sayı:
286

“Tələbkar” Bakı Apellyasiya Məhkəməsi 1-ci dərəcəli Qarabağ əlilindən  100 manat borc  tələb edir
Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən Fuad Abdıyev, Fuad Babayev, Cəmilə Musayeva) iddiaçı 1-ci dərəcəli Qarabağ əlilinin kassasiya şikayətini 19.05.2025-ci il tarixli qərardadla geri qaytarıb və bu qərardaddan kassasiya şikayəti verilə biləcəyini vurğulayıb. Kassasiya şikayətinin yalnız vəkil tərtib etdikdə icraata qəbul ediləcəyinə görə, Qarabağ qazisi Konstitusiyanın 61-ci, MPM-in 14.5-ci, 67-1-ci maddələri əsasında dövlət hesabına vəkillə təminatına ərizə verib.  Fuad Abdıyevin sədri olduğu üçlük bu ərizəyə görə ərizəçini yatağında 100 manat cərimə edib. Buna da şükür, Xumar Mərdanova, Vahid Sadıqov, Sabit Bəhrəmzadə üçlüyü məhkəməyə ərizə verdiyinə görə 400 manat, Nizami məhkəməsinin kommersant hakimi Qumru Əliyeva (VÖEN 1400028632) ona etiraza görə 300 manat qazini cərimə edib. Maraqlıdır, belə qərəzli hoqqabazlıqla bunlar yüksək hakim adını, andını necə doğrulda bilərlər? Məhkəməyə pozulmuş hüququnla bağlı müraciət etmək, dövlət hesabına vəkillə təmin olunmağa ərizə vermək, hakimə (məhkəmə tərkibinə) etiraz etmək haçandan inzibati xəta, məhkəməyə hörmətsizlik sayılır? Yəqin ki, bu suala Məhkəmə Hüquq Şurası cavab verər.
Bakı Apellyasiya Məhkəməsi isə 1-ci dərəcəli Qarabağ qazisinin iddiasına cavab verməyə cəlb olunub. Yasamal məhkəməsi şğbəkə cinayəti ilə iddiaçı əlilin tələb hissəsini silib, amma iddianın əsli ki durur. Hakim Aytəkin Əsədzadə ərizəni yolverilməz sayıb və qərardaddan şikayəti Bakı Apellyasiya Məhkəməsinə göndərib. İş hansı heyətə verilsə yaxşıdır? Həmin bu 400 manatlıq cərimə qərardadını çıxaran Xumar Mərdanovanın sədri olduğu heyətə. Halbuki Bakı Apellyasiya Məhkəməsi özünə qarşı qaldırılan iddiaya baxa bilməzliyindən bütün məhkəmə tərkibinə etiraz edilib. Onu da vurğulayaq ki, Xumar Mərdanovanın sədri olduğu heyətin qanunsuz  icra sənədindən Nizami məhkəməsinə verilən şikayətin geri qaytarılmasından apellyasiya şikayətinə elə Xumar Mərdanova və dəstəsi baxıb və təbii ki, “öz ayranlarına turş deməyib”.
Fuad Abdıyevin sədri olduğu heyət 2 il qabaqkı 14.08.2023-cü il tarixli kassasiya şikayəti verilməsi üçün dövlət hesabına vəkildən imtina qərardadının “preyudisiallıq qüvvəsində” olduğunu yeni qərardadlarında vurğulayıblar ki, qazi iddiaçı “1-ci qrup müharibə əlili kimi Prezident təqaüdü, 2-ci qrup əlil kimi pensiya alır (?- eyni əlilin 2 qruppası varmış!), hələ 150 manat ( ?-minimum əməkhaqqı məbləği 400 manatdır)  sahibkardan, böyük elmi işçi kimi də AMEA-dan  haqq alır. Bəyəm məhkəmə gəlir deklarasiyası tərtib edir, bəs çıxarlar? Elə qazidən son bir ayda məhkəmə  800 manat dövlətə borc tələb edir, bunu da “dəftərin bir qırağlna” yazmaq olmaz? Onu da vurğulamaq yerinə düşər ki, Fuad Abdıyev, Fərrux Qasımov, Anar Tanrıverdiyev 14.08.2023-cü ildə hakim (məhkəmə tərkibi) olmadıqları işə özbaşına çıxıb, cavabdeh  “Azərişıq” ASC-nin qeyri- prosessual sifarişini prosessual qanunvericilikdən üstün tutmuşdular. İş üzrə qanuni heyət isə Günay Axundova, Fuad Babayev, Cəmilə Musayeva olub və “könüllü” səlahiyyətlərini təhvil veriblər”. Məhkəmə Hüquq Şurası hələ də bu 6 hakimin 1-ci dərəcəli Qarabağ əlilinə qarşı qeyri-prosessual, vicdansız davranışına qiymət verməyib. Elə bu qiymətsizliyin sonucudur ki, 1-ci dərəcəli Qarabağ qazisinin məhkəmə müdafiəsi, hüquqi yardım, aidiyyatı məhkəmə hüququ pozulmaq bir yana,  cərimə olunması qüvvəyə minib. Fuad Abdıyev icra sənədində TƏLƏBKAR kimi Bakı Apellyasiya Məhkəməsini, cavabdeh kimi 1-ci dərəcəli Qarabağ qazisini göstərib. Halbuki Bakı Apellyasiya Məhkəməsi nə iddiaçı deyil, nə də özünü TƏLƏBKAR edə bilməz. İddiaçı 1-ci dərəcəli Qarabağ əlilidir, cavabdeh 39 saylı vəkil bürosu. Belə çıxır, məhkəmə tərəfdir, özünü vəkilliyə qoyub. Nərimanov icra məmuru Sevinc Qurbanova Zahid qızı bu “İcra haqqında” qanuna zidd rüşvayçı icra vərəqəsini yenə icraata götürüb, amma daha gecə yarısı sms-ləri göndərməyib. İcra məmuru “tələbkar” Bakı Apellyasiya Məhkəməsinin VÖEN-inin göstərilməməsinə görə geri qaytarmalıdı. Di gəl... Eyb etməz, növbəti cərimə hoqqasında yanlışlıq düzələr, axı məhkəmə ilə qazinin davası hələ bitməyib!
Ölmədik, bunu da gördük, hüquqi yardım üçün ərizə verməyə görə cərimə!
Məğrur Bədəlsoy
P. S. Bakı AM-in MK-sının sədri Rafael Eyvazovun (kolleqaları Fuad Babayev və Cəmilə Musayeva) özəl kassasiya qadağası var. Kassasiya şikayətini vəkilsiz Ali Məhkəməyə göndərir , amma kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminatdan imtina edir ki, 1-ci dərəcəli əlilin gəlirləri vəkilin haqqını ödəməyə yetər. Etiraz edəndə isə birinə 400 manatlıq, o birinə 100 manatlıq cərimə sifariş edir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi, tərəflərin eyni olmadığına baxmayaraq MPM-in 153.2.2 maddəsini tətbiq edən “kollektiv təsərrüfat”dan qərəzdən özgə nə gözləmək olar?